DÜNYA
Britaniyanın Baş naziri postuna namizədlər arasında lider müəyyənləşib
Bakı, 6 iyul, AZƏRTAC
Çərşənbə axşamı Böyük Britaniya parlamentinin mühafizəkar deputatları partiyanın lideri və gələcək Baş naziri postuna namizədlərə səs verməyə başlayıblar. Daxili işlər naziri Tereza Mey ilk turda 165 səs alıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya KİV-lərinin məlumatına görə, Tereza Mey Mühafizəkar Partiyasının parlamentdəki təmsilçilərinin yarıdan çoxunun dəstəyini qazanıb. Cəmi 16 səs alan sabiq müdafiə naziri Liam Foks mübarizədən kənarlaşıb.
Beləliklə, xanım Meylə yanaşı, mübarizəni energetika nazirinin sabiq müavini Andrea Lidsom (66 səs), ədliyyə naziri Maykl Qouv (48 səs) və əmək naziri Stiven Krabb (34 səs) davam etdirirlər. Səsvermənin növbəti iki raundu iyulun 7-də və 12-də keçiriləcək. Seçkilərə mühafizəkar deputatların ən çox səsini qazanan iki namizəd buraxılacaq. Qalibin kim olacağına sentyabrın 9-da aydınlıq gələcəyi gözlənilir.