SİYASƏT


Britaniyanın “Diplomat” jurnalında Azərbaycan səfirinin müstəqilliyimizin 25 illiyinə dair məqaləsi dərc edilib

London, 15 dekabr, AZƏRTAC 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin bu ölkədə nəşr edilən “Diplomat” jurnalında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilmiş məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın 25 illik iqtisadi, siyasi, mədəni inkişafına qısa nəzər salınır. Qeyd edilir ki, Azərbaycan qısa vaxt ərzində təqdirəlayiq irəliləyişlərə nail olub. Səfir vurğulayır ki, güclü iqtisadi islahatlar nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər enib. Xüsusilə son illərdə Azərbaycanın ən böyük gəlir mənbələrindən sayılan neft və qazın qiymətindəki enmələr ölkənin yeni iqtisadi yol seçməsinə, kənd təsərrüfatı, mədəni-turistik, nəqliyyat-daşıma kimi sahələrə daha üstünlük verməsinə gətirib çıxarıb.

Diplomat qeyd edir ki, sosial innovasiyalar sahəsində əldə edilən nailiyyətlərə ölkəmizdə yaradılan “ASAN xidmət” mərkəzlərini nümunə göstərmək olar. Bu sahə dünyanın ən sadə və qabaqcıl xidmət sahələrindən biridir.

Vurğulanır ki, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığı kimi, enerji sahəsi də öz axarında inkişafını davam etdirir. TANAP, TAP, “Şahdəniz” kimi əhəmiyyətli layihələr üzərində sürətli işlər davam etdirilir.

Müəllif bildirir ki, diplomatik sahədə də güclü nailiyyətlər əldə edilib. Azərbaycan 25 il ərzində özünün diplomatik əlaqələrini quraraq xarici ölkələrdəki nümayəndəliklərinin sayını artırıb. Bundan başqa BMT, AŞPA kimi beynəlxalq əhəmiyyətli qurumlarla əlaqələrini inkişaf etdirib.

Məqalədə qeyd edilir ki, Azərbaycan tolerantlığa xüsusi əhəmiyyət verən bir ölkədir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycanda müxtəlif dinlər və etnik qrupların dinc, mehriban və problemsiz yaşamaları üçün hər bir şərait yaradılıb.

Yazının sonunda T.Tağızadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdırır. Diplomat vurğulayır ki, Azərbaycanın gələcək məqsədlərindən başlıcası torpaqlarımızın işğaldan azad edilməsi və regionda sülh və əmin-amanlığın bərpa edilməsidir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.