DÜNYA
Britaniyanın xüsusi xidmət orqanları ölkəyə ekstremist axını ilə bacarmır
Bakı, 25 may, AZƏRTAC
Britaniyada ekstremistlərin sayının artması ona gətirib çıxarıb ki, ölkənin xüsusi xidmət orqanları öz vəzifələrinin öhdəsindən güclə gəlirlər.
AZƏRTAC xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına əsasən, terrorçuların Suriyada və İraqda böyük əraziləri ələ keçirdikləri vaxt təxminən 850 britaniyalı İŞİD-in tərkibində döyüşmək üçün xaricə getmişdi. İndi isə qruplaşma mövqeləri itirdiyindən ekstremistlər Britaniya pasportu ilə geri qayıdırlar və yeni terror hücumları təşkil edə bilərlər.
Nəşr yazır ki, yüzlərlə cihadçı öldürülüb, lakin gedənlərin çoxu qayıdıb. Bir şübhəli şəxsin sutkalıq müşahidəsinin təşkili üçün xüsusi xidmətlərin 30-dək əməkdaşını cəlb etmək lazım gəlir. Amma Mİ5-in məhdud resursları yalnız 50 şübhəlinin daimi izlənməsinə imkan verir.
Britaniya parlamentinin leyboristlər partiyasından olan üzvü Xalid Mahmudun fikrincə, Mançesterdəki terror aktı ölkənin xüsusi xidmət orqanlarının zəifliyinə dəlalət edir. “Mən çox narahatam ki, cihadçılar bütün nəzarət-buraxılış məntəqələrindən keçərək yenidən ölkəyə gələ bilərlər”, - deyə o qeyd edib.
Xatırladaq ki, mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin konserti zamanı partlayış törədilib. Konsertdən sonra Liviya əsilli Mançester sakini Salman Abedinin əldəqayırma partlayıcını işə salması nəticəsində 22 nəfər, o cümlədən 12 uşaq həlak olub, 120 nəfər yaralanıb. Son məlumata görə, hazırda xəstəxanalarda müalicə olunan 64 nəfərdən 28-si ağır vəziyyətdədir. Bundan başqa, bir neçə nəfər itkin düşmüş sayılır.
Hadisə ilə əlaqədar Böyük Britaniya tarixində üçüncü dəfə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib. Mühüm obyektlərin, eləcə də xarici ölkələrin Londondakı səfirliklərinin mühafizəsinə polislə yanaşı, hərbçilər də cəlb olunub.