İQTİSADİYYAT
“British Airways” Bakıdan olan aviareyslər üçün terminalı dəyişib
Bakı, 1 iyul, AZƏRTAC
“British Airways” aviaşirkəti Bakıdan olan aviareysləri Londonun Hitrou hava limanının 5-ci terminalında (T5) qəbul etməyə başlayıb.
AZƏRTAC bildirir ki, iyunun 30-dan etibarən Azərbaycan paytaxtından Londona gələn təyyarələr “Skytrax” təşkilatının ardıcıl olaraq 4-cü dəfə dünyanın ən yaxşı terminalı mükafatına layiq gördüyü T5-ə eniş edirlər. İl ərzində 30 milyon sərnişini qəbul etmək imkanına malik yüksək texnologiyalarla təchiz olunmuş T5 “British Airways” sərnişinlərinə rahat və gərginlikdən uzaq bir səyahət təklif edir.
Qeyd edək ki, Bakıdan Birləşmiş Krallığın ən böyük hava limanına olan uçuşlar əvvəllər 1-ci terminalda həyata keçirilirdi. 2014-cü ildə verilmiş bəyanata əsasən, “British Airways” Londonun Hitrou hava limanının üç terminalında həyata keçirdiyi uçuşları 2015-ci ilin sonunadək artıq iki – 3-cü və 5-ci terminallarda cəmləşdirəcək. Orta Şərq və Mərkəzi Asiya regionundan, İordaniyanın paytaxtı Əmman və Livanın paytaxtı Beyrutdan olan uçuşlar da T1-dən T5-ə keçirilib.
“Uçuşların T5-ə keçirilməsi çox müsbət bir haldır, belə ki, artıq Azərbaycandan olan sərnişinlər daha yüksək keyfiyyətli səyahət xidmətlərindən və 188 istiqamətdə həyata keçirilən geniş uçuş şəbəkəmizdən daha çox faydalana biləcəklər. Müştərilərimiz pul və vaxtlarını dəyərləndirən insanlardır. T5 təcrübəli səyahətçilərə xidmət göstərir və sərnişinlərə uçuşadək olan vaxtlarını dəbdəbəli mağazalarda, həmçinin “British Airways”in möhtəşəm ab-havaya malik altı müxtəlif gözləmə zalında keçirə bilərlər”, - deyə “British Airways”in Orta Şərq və Mərkəzi Asiya regionu üzrə kommersiya meneceri Paolo De Renzis bildirib.