ELM VƏ TƏHSİL
“British Council” Azərbaycan məzunlarının məşğulluğunun artırılmasına dair forum keçirib
Bakı, 17 yanvar, Aynur İsmayılova, AZƏRTAC
Yanvarın 17-də “British Council” təşkilatı Bakıdakı “Four Seasons” otelində Azərbaycan məzunlarının məşğulluğunun artırılmasına dair forum keçirib. Forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt, Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov çıxış edərək forum haqqında məlumat veriblər.
Bildirilib ki, “British Council” təşkilatı Azərbaycanda 2014-cü ildən məzunların məşğulluq imkanları və qabiliyyətlərinin artırılması məqsədilə universitetlər və işəgötürənlərin iştirakı ilə silsilə tədbirlər həyata keçirib. Təşkilat bu istiqamətdə universitetlər və işəgötürənlər arasında əməkdaşlığı dəstəkləyir və gələcək əlaqələrin qurulması məqsədilə maraqlı tərəflər üçün görüş və ünsiyyət imkanı yaradır.
Forumda çıxış edənlər keçirilən tədbirlərin nəticəsinə və hər iki tərəfdən əldə olunan rəylərə əsasən bu sahə üzrə boşluqların təyin edilməsi, qarşılıqlı anlaşılması və lazımi addımların atılması üçün ali təhsil və biznes müəssisələri arasında görüşlərin təşkilinə ehtiyac olduğunu vurğulayıblar.
Birləşmiş Krallığın bu sahədəki təcrübəsi barədə ətraflı məlumatın çatdırılması məqsədilə Azərbaycana dəvət edilən, “Leiceter” Universitetinin nümayəndəsi Rajesh Patel, həmçinin yerli universitet və biznes müəssisələrinin nümayəndələri bu sahə üzrə təcrübə və çətinliklər barədə təqdimatlar keçiriblər.