ELM VƏ TƏHSİL
“British Council Azərbaycan” təşkilatı məzunların məşğulluq forumunu keçirib
Bakı, 26 may, Tərgül Ağayeva, AZƏRTAC
Mayın 26-da “British Council Azərbaycan” təşkilatı məzunların məşğulluq forumunu keçirib. Forum Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.
AZƏRTAC xəbər verir ki, tədbirdə “British Council Azərbaycan” təşkilatının direktoru Elizabet Uayt çıxış edərək forumun əhəmiyyətindən danışıb. Bildirilib ki, forumun keçirilməsinin əsas məqsədi məzunların məşğulluq imkanlarının artırılması üçün ali təhsil və biznes müəssisələrinin nümayəndələrini bir araya gətirərək müzakirələr aparmaqdır. Bu məqsədə nail olmaq üçün “British Council Azərbaycan” təşkilatı universitetlər və işəgötürənlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasını dəstəkləyir.
Qeyd olunub ki, tədbirdə müxtəlif ali təhsil və biznes müəssisələrini təmsil edən 80-dən çox nümayəndə bir araya gəlib. Uğurlu əməkdaşlığın qurulması üçün işəgötürənlərin və universitetlərin ata biləcəyi addımların müzakirəsi aparılıb.
Bu məşğulluq forumunun növbəti mərhələsi Böyük Britaniyada təşkil olunacaq. Cari ildə Azərbaycanın universitet və biznes müəssisələrinin nümayəndələri Böyük Britaniyanın bu istiqamətdə əldə etdiyi təcrübə ilə əyani tanış olacaqlar.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq bildirib ki, təhsil istənilən ölkə üçün əsas prioritetdir. Azərbaycanda iqtisadiyyatın genişləndiyini söyləyən səfir təhsilin əhəmiyyətindən danışıb. İ.Siddiq Böyük Britaniyanın təhsil sahəsində gördüyü işlərdən, əldə olunan təcrübədən söz açıb.
Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyev tədbirin artıq üçüncü dəfədir təşkil edildiyini söyləyib. E.Ağakişiyev “SABAH” qrupları layihəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi seçilmiş tələbələrin tədrisinin müasir tərz və metodika ilə keçirilməsidir. Qeyd edilib ki, “SABAH” qrupunda təhsil alan tələbələrə dərs prosesi xüsusi proqram əsasında təşkil olunur. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Bu isə “SABAH” qrupunun tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır.