ELM VƏ TƏHSİL
“British Council” təşkilatının Avropa üzrə regional direktoru Bakı Ali Neft Məktəbində
Bakı, 27 aprel, AZƏRTAC
“British Council” təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbdə keçirilən görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələr iştirak ediblər.
Görüşdə BANM-nin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəb ilə “British Council” təşkilatı arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, bu uğurlu əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə danışıb.
M.Börd “British Council” təşkilatı və BANM arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.