REGİONLAR
“British Council” təşkilatının direktoru Azərbaycan Texnologiya Universitetində olub
Gəncə, 28 noyabr, AZƏRTAC
Böyük Britaniyanın “British Council” təşkilatının direktoru Elizabet Vayt Azərbaycan Texnologiya Universitetində (ATU) olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən universitetin rektoru Akif Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağının xarici əlaqələrindən danışıb, təhsil mübadiləsi proqramlarında qazanılan uğurlar barədə məlumat verib.
“British Council” təşkilatının direktoru Elizabet Vayt təmsil etdiyi təşkilatın Azərbaycanda fəaliyyətinin əsas hədəfinin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq miqyasda tanınan təhsil metodlarının təmin olunması, incəsənət sahəsində Birləşmiş Krallıq və Azərbaycan arasında əməkdaşlığa töhfə verilməsi və sair məsələlərdən ibarət olduğunu diqqətə çatdırıb. Azərbaycanda, eləcə də Bakıda bir sıra ali təhsil ocaqları ilə əlaqələrindən danışan qonaq bildirib ki, təmsil etdiyi qurum bölgələrdəki universitetlərlə də əməkdaşlıqda maraqlıdır. Bu baxımdan Azərbaycan Texnologiya Universiteti ilə əlaqələr qurulmasının səmərə verəcəyinə inam ifadə edən Elizabet Vayt universitet kollektivini “British Council” təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirak etməyə, təhsilin növbəti pillələri üçün Böyük Britaniyanın dünya şöhrətli universitetləri ilə əlaqələr qurmağa çağırıb.
Ölkəsinin aparıcı universitetlərində təhsil almağın üstünlükləri barədə danışan qonaq, müəllim və tələbələrin suallarını da cavablandırıb.