SİYASƏT


Brüssel-Paytaxt Regionu Parlamentinin rəhbərliyi Ermənistan–Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb

A+ A

Brüssel, 7 oktyabr, AZƏRTAC

Belçikada səfərdə olan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov oktyabrın 6-da Brüssel-Paytaxt Regionu Parlamentinin rəhbərliyi ilə görüşüblər.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Aparılmış müzakirələr çərçivəsində Milli Məclisin deputatları Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, nəticədə 1 milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə verə biləcək Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında belçikalı siyasətçilərin rol oynaya biləcəklərini diqqətə çatdırıblar. Habelə, Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərin beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və belçikalı parlamentarların iştirakı ilə gələcəkdə belə halların qarşısının alınmasında parlament rəhbərliyinin müdaxiləsinin faydalı olacağı qeyd edilib.

Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunun baş direktoru Mark Otte ilə keçirilmiş görüş zamanı deputatlar Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə görə institut rəhbərliyinə təşəkkür edib, gələcəkdə mövzu üzrə dərc ediləcək hesabat və məqalələrdə Azərbaycan qaçqın və məcburi köçkünlərinin probleminin daha geniş işıqlandırılmasının vacibliyini bildiriblər. Habelə, institutun Avropada nüfuzlu tədqiqat mərkəzlərindən biri olaraq Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu təşkil etməsi təklifi irəli sürülüb.

Keçirilmiş görüşlərdə həmsöhbətlər edilmiş müraciətləri nəzərdən keçirəcəklərini və Azərbaycan tərəfi ilə mövzu üzrə müzakirələri davam etdirəcəklərini vəd ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.