SİYASƏT
Brüsseldə 20 Yanvar şəhidlərinin qəhrəmanlıqlarından danışılıb
Brüssel, 21 yanvar, AZƏRTAC
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Brüsseldəki mənzil-qərargahında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
Tədbirdə Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, ölkəmizin Belçikada akkreditə olunmuş diplomatları, Benilüks Azərbaycanlıları Konqresinin üzvləri, bu ölkələrdə təhsil alan tələbələr və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimi açan Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr haqqında məlumat verib.
Sonra Fuad İsgəndərov 20 Yanvar hadisələrinin siyasi əhəmiyyəti haqqında danışıb.
Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim xalqımızın bu hadisələr zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.
BAK-ın idarə heyətinin üzvləri Sima Cəfərova və İlham Babayev də çıxış edərək 20 Yanvar hadisələri haqqında xatirələrini danışıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel