İQTİSADİYYAT
Brüsseldə Azərbaycanın “elektron imza” təcrübəsi yüksək qiymətləndirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Belçikanın paytaxtı Brüsseldə “Eap.Trust” və Təhlükəsiz Şəbəkələr üzrə (“1st Workshop of the EaP.Trust and Secure Network”) ilk seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd "Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin kibertəhlükəsizlik mexanizmlərinə, habelə həmin ölkələrin milli kibertəhlükəsizlik strategiyalarının inkişafına dəstək verməkdir.
“Şərq Tərəfdaşlığı” proqramının Azərbaycan da daxil olmaqla 6 üzvünün, həmçinin Avropa İttifaqına üzv ölkələrdən - Estoniya, Litva, Finlandiya, Lüksemburqun nümayəndələrinin iştirak etdikləri seminarın iştirakçıları elektron identifikasiya və audentifikasiya xidmətləri (e-İDAS) və kibertəhlükəsizlik sahəsində məruzələrlə çıxış ediblər.
“Elektron hökumət” portalından AZƏRTAC-a bildirilib ki, seminarın ilk günü elektron identifikasiya və rəqəmsal imza mövzularına aid məruzələrə həsr olunub. Məlumat Hesablama Mərkəzi nəzdində Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov tədbirdə iştirak edib. O, Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi və 2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilən “Asan İmza” Mərkəzinin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Azərbaycanın “elektron imza” təcrübəsi yüksək qiymətləndirilib və digər ölkələrdəki elektron imzalardan fərqli olaraq imzalanma tarixinin daha dəqiq göstərilməsi xüsusi qeyd edilib. Qeyd edək ki, Sertifikat Xidmətləri Mərkəzində vaxt göstəricilərinin dəqiqliyini təmin etmək üçün müasir imzalanma sistemi fəaliyyət göstərir.
Seminarın ikinci günü “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) panelində tədbirlər planı və “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlər arasında imzalanacaq memorandum layihələri müzakirə edilib.