SİYASƏT
Brüsseldə ermənilərin təxribatçı niyyətlərinin qarşısı alınıb
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə noyabrın 16-19-da Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün Azərbaycanın Belçikadakı səfirliyi və Milli Məclis tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib. Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da bu işdə yaxından iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Səfirlik tərəfindən Belçikanın ərazisindən sui-istifadə edilərək Brüsselin qeyri-qanuni rejimin təbliği məqsədilə məntəqə kimi seçilməsi cəhdlərinə münasibətdə Azərbaycanın narazılığı və narahatlığı Belçikanın Xarici İşlər Nazirliyinə, federal və regional qanunverici orqanlarına və digər müvafiq təsisatlarına çatdırılıb.
Avropa Erməni Federasiyası və digər erməni mənbələrinin bu tədbirlərlə əlaqədar qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə səfəri öncədən geniş şəkildə təbliğ olunsa da, görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu səfərin ləğv edilməsinə nail olunub. Bu xüsusda, Ermənistan və erməni lobbisinin əlaltısı olan Avropa Parlamentinin deputatı Frank Engelin təşkilatçılığı ilə Avropa Parlamentində nəzərdə tutulan görüş də ləğv edilib. Həmçinin B.Saakyanın iştirakı ilə “Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyi” adı altında noyabrın 19-da “Hay Daun” erməni mərkəzində keçirilməsi nəzərdə tutulan qəbul da ləğv edilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini və mədəniyyətini təhrif edən fotosərgi və konsert ilə əlaqədar Brüsseldəki “Palais des Beaux Arts” sarayı və “Tour&Taxi” mərkəzinə ünvanlanmış etirazlara cavab olaraq, həmin şirkətlərin rəhbərliyi rəsmi cavablarında Azərbaycan tərəfinin arqumentlərinə hörmətlə yanaşdıqlarını, bu tədbirlərin mahiyyətindən xəbərsiz olduqlarını, ictimaiyyətə açıq olmayan həmin tədbirlərlə əlaqədar bilet satışı həyata keçirmədiklərini və yalnız kommersiya şərtləri əsasında ərazilərini kirayə verdiklərini bildiriblər. Əldə olunan məlumatlara görə, bu tədbirlərdə əsasən Belçikada yaşayan ermənilər olmaqla, xüsusi dəvət əsasında yalnız 100-ə yaxın şəxs iştirak edib.
Əvvəlcədən geniş təbliğatın aparılmasına baxmayaraq, bu uğursuzluq və iflasın fonunda indi rəsmi Yerevan, lobbi təşkilatı olan Avropa Erməni Federasiyası və Ermənistan KİV-ləri susqunluğa üstünlük verir.
Ermənistan və Avropadakı erməni təşkilatlarının “lobbi diplomatiyası” siyasəti əsasında təşkil edilən bu kimi tədbirlər üçün erməni diasporunun sadə üzvləri aldadılaraq onlardan böyük məbləğdə pul yığılır. Sonradan bu pullar Ermənistanın siyasi rəhbərliyi, Bako Saakyan və onun ətrafı, eləcə də Avropada Erməni Federasiyasının rəhbər şəxsləri və erməni lobbisinin aləti olan bəzi Avropa siyasətçilərinin cibinə gedir.
Bu kimi mənasız və təxribatçı tədbirlərə əl ataraq beynəlxalq ictimaiyyəti və erməni xalqını aldatmaq əvəzinə, Ermənistan destruktiv siyasətinə son qoymalı, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, substantiv danışıqlar vasitəsilə münaqişənin həllində və regionda davamlı sülhün bərqərar olmasında iştirak etməlidir.