MƏDƏNİYYƏT


“Bu-Ta”-nıtım layihəsi milli dəyərlərimizi dünyada tanıtmaq üçün yaxşı vasitədir

A+ A

Bakı, 28 oktyabr, Günel Məlikova, AZƏRTAC

Oktyabrın 28-də Abşeron Rəsm Qalereyasında “Bu-Ta”-nıtım layihəsinin təqdimatı olub.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub.

Təqdimat mərasimində Abşeron Rəsm Qalereyasının direktoru, sənətşünas Eldəniz İbrahimov layihənin əsas məqsədinin gənc rəssamların istedadlarını üzə çıxarmaq və buta-qədim ornamentinə marağı artırmaq olduğunu qeyd edib. Bildirilib ki, bundan əlavə layihə gənclərə ölkədə və xaricdə əlaqələr yaratmaq, milli dəyərlərimizi xaricdə tanıtmaq və gələcəkdə Azərbaycan incəsənətində layiqli yer tutmağa imkan verəcək.

Tədbirin təşkilatçısı, ADMİU-nun mədəniyyət üzrə YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov 55 namizəd arasından seçilmiş, Bakı, Sumqayıt, Gənc, Şəki, Qazax, Ağstafadan olan 30 gənc rəssamın 48 əl işinin nümayiş etdirildiyini bildirib. O deyib ki, buta bizə məxsus olan dəyər, zənginlikdir, onun Azərbaycan-türk mənşəli olması dünyada çox az bilinir. Məqsədimiz mədəniyyətimizə sahib çıxıb onu dünyada təbliğ etməkdir.

Digər çıxış edənlər Azərbaycanda müxtəlif texnikalarda işləyən rəssamları bir araya gətirmək, onları bütöv bir ekspozisiyada birləşdirmək təşəbbüsünün irəli sürüldüyünü söyləyiblər. Bildirilib ki, layihənin məqsədi Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən, şifahi və yazılı ədəbiyyata, sənətə türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol olan butanın təbliğinin genişlənməsinə kömək etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.