CƏMİYYƏT
Bu gecə maqnit qasırğası gözlənilir
Bakı, 6 oktyabr, AZƏRTAC
Günəşdəki anomaliya oktyabrın 6-dan başlayaraq Yerdə maqnit qasırğasına səbəb olacaq və bu oktyabrın 7-də gün ərzində davam edəcək.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu məlumatı Rusiya Elmlər Akademiyasının N.Puşkov adına Yer Maqnetizmi, İonosfer və Radio Dalğalarının Yayılması İnstitutunun kosmik şüa variasiyaları laboratoriyasının müdiri Anatoli Belov bildirib. Onun sözlərinə görə, günəş diskinin dörddə biri ölçüsündə olan koronal yarıqdan çıxan yüksək sürətli külək axını oktyabrın 6-da axşam Yerə çatacaq.
Rusiya aliminin fikrincə, Günəşdə “tünd ərazi” hələ yarım il əvvəl yaranıb. Günəş bu “tünd sahə” ilə bizə tərəf dönəndə o, Yerə təsir edir. Bu hal təxminən 27 gündə bir dəfə olur.
“Alimlərin müşahidəsi göstərir ki, anoloji koronal yarıqlar Yer üzündə dövri maqnit qasırğalarına səbəb ola bilərlər, bu yarıqların “ömrü” bir ildən iki ilədəkdir. Yəni, 2003-cü ildə yaranan koronal yarıq təxminən iki il mövcud olub”, - deyə Belov qeyd edib.
Koronal yarıqlar günəş tacında zəif sıxlığa və plazma temperaturuna malik sahələrdir. Alimlər belə yarıqların meydana gəlməsini minimal günəş fəallığı dövrü ilə əlaqələndirirlər.