ELM VƏ TƏHSİL
Bu gün 76 min 636 şagird buraxılış imtahanı verib
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 76 min 636 şagird (IX sinif üzrə 43 min 781, XI sinif üzrə 32 min 855) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, IX sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10.00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. XI sinif şagirdləri üçün imtahan saat 15.00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində keçirilib.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi şərait yaradılıb.
Qeyd edək ki, DİM Direktorlar Şurası tərəfindən ümumi orta (IX illik) təhsil bazasında yeni növ buraxılış imtahanları ilə əlaqədar görülən işlərə ictimai nəzarətin təşkili, eləcə də şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İctimai Şura üzvləri də imtahan materiallarının yola salınmasını, buraxılış rejiminin təşkilini, imtahan prosesini izləyiblər.
İyunun 19-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.