İDMAN


Bu gün Azərbaycan klubları UEFA Avropa Liqasında növbəti oyunlarına çıxacaq

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan klubları da Avropa Liqasında növbəti oyunlarına çıxacaq.

Əvvəlcə Bakı vaxtı ilə saat 20:00-da “Neftçi” öz meydanında Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi səfərə rahat hesabla yollanmaq üçün qələbə qazanmalıdır. İlk mərhələdə Maltanın “Baltsan” klubunu mübarizədən kənarlaşdıran Vəli Qasımovun yetirmələri ev oyunlarındakı uğursuzluğu da sonlandırmaq istəyir. Belə ki, paytaxt klubu düz 11 oyundur öz meydanında qələbə sevinci yaşaya bilmir.

“Neftçi” bu gün həm də Azərbaycan klublarının yubiley qələbəsinə öz imzasını ata bilər. Digər təmsilçilərimizdən daha əvvəl meydana çıxacaq “Neftçi” qələbəni bayram edəcəyi halda həm də yerli klubların Avrokuboklardakı 70-ci qələbəsini reallaşdıra bilər.

Digər təmsilçimiz “Kəpəz” də saat 21:00-da növbəti matçını keçirəcək. Şahin Diniyevin yetirmələri Avstriyada “Admira”nın qonağı olacaq. Uzun müddət aradan sonra Avrokuboklarda çıxış edən və tarixində ilk dəfə mərhələ adlayan gəncəlilər bu uğurunun davamını gətirmək arzusundadır.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” isə saat 22:30-da Macarıstanda MTK ilə görüşəcək. Ötən mövsüm birinci mərhələdən başlayaraq qruplara qədərə irəliləməyi bacarmış Roman Qriqorçukun yetirmələri Azərbaycan tarixində ilk dəfə bir macar klubu ilə oynayacaq. Səfər matçlarında uğursuz çıxış edən qəbələlilər bu dəfə bu sindromu qıra bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.