CƏMİYYƏT
Bu gün Beynəlxalq Sahibsiz Heyvanlar Günüdür
Bakı, 20 avqust, AZƏRTAC
Avqust ayının üçüncü şənbəsi Beynəlxalq Sahibsiz Heyvanlar Günü (International Homeless Animals Day) kimi qeyd olunur.
Bu tarix təqvimə Beynəlxalq Heyvan Haqları Cəmiyyətinin təşəbbüsü ilə daxil edilib. Təşkilat bu təkliflə 1992-ci ildə çıxış edib. Müxtəlif ölkələrin heyvanları müdafiə təşkilatları bu təşəbbüsü dəstəkləyiblər.
Avqustun 20-si bayram deyil, sahibsiz heyvanların probleminə diqqət yetirmək, onların faciəli taleyi haqqında daha çox insanı məlumatlandırmaq üçün bir fürsətdir.
Bu gün bütün dünyada maarifləndirmə və xeyriyyə tədbirləri keçirilir. Könüllülər sahibsiz heyvanlara, əlbəttə, ilk növbədə itlərə və pişiklərə kömək məqsədi ilə vəsait toplamaq üçün konsertlər, müsabiqələr və hərraclar təşkil edirlər. Üstəlik, bu gün sahibsiz itə və ya pişiyə yiyə tapmaqdan ötrü yaxşı imkandır.
Beynəlxalq Sahibsiz Heyvanlar Gününün vəzifələrindən biri heyvan sahiblərində öz rollarına şüurlu münasibət formalaşdırmaqdır. Məqsəd sahibsiz itlərin və pişiklərin nəzarətsiz artım hesabına çoxalmasının qarşısını bu yolla almaqdır. Eyni məqsədlə avqustun 20-də bəzi baytarlıq klinikaları itləri və pişikləri ödənişsiz sterilizasiya edirlər.
Beynəlxalq Sahibsiz Heyvanlar Günündə qaldırılan problem həqiqətən kəskindir.
Dünyada itlər üçün ilk məşhur sığınacaq 1695-ci ildə Yaponiyada yaradılıb. Bu sığınacaqda 50 min heyvan saxlanılıb.
Heyvanları qəddar münasibətdən müdafiə edən ilk qanun 1822-ci ildə Böyük Britaniyada qəbul edilib.
Heyvanlar üçün ən əlverişli şərait isə Avstriyada yaradılıb. Bu ölkədə qanunvericilik, məsələn, itlərin quyruq və qulaqlarının kəsilməsini, sirklərdə vəhşi heyvanlardan istifadə olunmasını, mağaza vitrinlərində küçüklərin və pişik balalarının satışa çıxarılmasını qadağan edir.