CƏMİYYƏT


Bu gün Dünya Diabet Günüdür

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-ü Dünya Diabet Günüdür.

İnsanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib. Noyabrın 14-ü Fredirik Bantinqin anadan olduğu gündür. Bu görkəmli insan Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoyublar. Hər il Dünya Diabet Günü müxtəlif şüarlar altında qeyd edilir. Bu il isə Dünya Diabet Günü “Diabet zamanı gözlər” devizi ilə xəstəliyin fəsadlarına həsr edilib.

Hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial–tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2040-cı ilədək diabetdən əziyyət çəkənlərin sayı 642 milyona çata bilər.

Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılıb və bu məsələ Azərbaycan qanunvericiliyində də əksini tapıb. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununu tətbiq edilməsi buna bariz nümunədir. Bundan əlavə, Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli qərarı ilə “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib.

Azərbaycanda isə 212 577 nəfər diabet xəstəsi rəsmi olaraq qeydiyyatdadır. Onlardan 28924-ü I tip şəkərli diabet xəstəsi, 183653-ü II tip şəkərli diabet xəstəsidir. Bu il üçün dövlət büdcəsindən şəkərli diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.