CƏMİYYƏT


Bu gün Dünya Görmə Günüdür

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir.

Həmin gün təqvimə korluq, görmənin pozulması və reabilitasiyası problemlərinə diqqəti cəlb etmək üçün salınıb. Dünya Görmə Gününün qeyd olunmasında müxtəlif əlaqədar təşkilatlar iştirak edirlər. Bu gün, həmçinin DST və korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentlik tərəfindən yaradılmış “2020-ci ildən baxanda: görə bilmək hüququ” qlobal təşəbbüsünün əsas hadisəsidir.

Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına görə, hazırda dünyada təqribən 300 milyona qədər insanın gözlə bağlı problemləri vardır. Onların 39 milyonu görmə qabiliyyətini tamamilə itirib. Hər il 19 milyondan çox uşaq göz xəstəliklərinə mübtəla olur, halbuki vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Korluq görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Dünya Görmə Günü çərçivəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş maarifləndirmə və profilaktika tədbirləri aparılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsini və müalicəsini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.