CƏMİYYƏT
Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür
Bakı, 11 yanvar, AZƏRTAC
11 yanvar – Dünya Qoruqlar və Milli Parklar Günüdür.
Düz 100 il əvvəl - 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Barquzin dövlət qoruğu yaradılıb. Bu əlamətdar gün Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən qeyd olunur.
Azərbaycan dövləti ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir.
Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir. Digər tərəfdən mövcud qoruqların əraziləri də genişləndirilir. Ümumiyyətlə isə bu qoruqlar, sayı azalmaqda olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Burada alimlər bitki və heyvanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarırlar.