CƏMİYYƏT


Bu gün Dünya Təbəssüm Günüdür

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Hər il oktyabr ayının ilk cümə günü Dünya Təbəssüm Günü (World Smile Day) qeyd olunur. Bu çox gözəl bayrama görə biz XX əsrin ortalarında ABŞ-da yaşamış rəssam Harvi Bolla borcluyuq. Rəssamın yaradıcılığı bir o qədər də diqqətəlayiq olmayıb. Tənqidçilər onun yaradıcılığından çox vaxt yan keçiblər. Onun tabloları çətin ki, zamanın sınağına davam gətirə bilərdi.

Amma bir gün “State Mutual Life Assurance Company of America” sığorta şirkətinin nümayəndələri şirkətin vizit kartı kimi hər hansı yaddaqalan parlaq bir rəmz düşünüb tapmaq xahişi ilə rəssama müraciət edirlər. Harvi Boll çox düşünmədən hazırda internet istifadəçilərinin bir nəfər kimi “smaylik” adlandırdıqları gülümsəyən sarı sifəti sifarişçilərə təklif edir. Bu hadisə 1963-cü ildə baş verib. İşi qəbul edən sifarişçilər H.Bolla 50 dollar ödəyir və gülümsəyən sifət şəklində döş nişanı hazırlayaraq şirkətin heyətinə paylayırlar. Bu cür vizit kartının qazandığı uğur bütün gözləntiləri kölgədə qoyur. Şirkətin müştəriləri yenilikdən vəcdə gəlirlər. Cəmi bir neçə ay ərzind on mindən çox belə nişan hazırlanır. Gülümsəyən sifət tezliklə futbolka, beysbolka, zərf, açıqca və kibrit qutuları üzərində görünməyə başlayır. Hətta ABŞ-ın poçt idarəsi üzərində bu simvol olan marka buraxır.

Dünya Təbəssüm Günü ilk dəfə 1999-cu ildə qeyd olunub. Rəssam hesab edirdi ki, bu gün xoş ovqata həsr olunmalıdır. Günün devizi olan “Do an act of kindness. Help one person smile” sözləri təqribən belə tərcümə olunur: “Xeyirxah iş gör. Heç olmazsa, bir təbəssümün yaranmasına kömək et”. O vaxtdan könüllülər bu bayramı müxtəlif aksiya və fleşmoblarla qeyd edirlər.

XX əsrin 70-ci illərində gülüşü orqanizmin çox güclü ehtiyat mənbəyi kimi ciddi şəkildə öyrənməyə başlayıblar. Həkimlər hesab edirlər ki, gülüş uzun sürən şadlıq hissi yaradan zərərsiz narkotikdir. Dozası nə qədər çoxdursa, sağlamlıq üçün faydası da bir o qədər çoxdur. Xoş əhval-ruhiyyə bəzən bütün günə kifayət edir.

Gülüş haqqında elmin - helotologiyanın yaranması tarixi də maraqlıdır. Onun banisi, amerikalı jurnalist Norman Kazins “ölümü güldürən” adam kimi məşhurlaşıb. Həkimlər nadir sümük xəstəliyindən əziyyət çəkən N.Kazinsin dərdinə əlac edə bilmirlər. Öləcəyini düşünən Norman son günlərində doyunca gülmək qərarına gəlir, bir guşəyə çəkilərək gününü komediya filmlərinə baxmaqla, lətifələr oxumaqla keçirir, bolluca “C” vitamini qəbul edir.

Nəticə bütün dünyanı heyrətə gətirir. Jurnalist dəhşətli xəstəlikdən sağalır və öz müalicə metodunu “Gülüşün və C vitamininin superdozası” kimi müəyyən edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.