REGİONLAR


Bu gün IX Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Qəbələ, 29 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.

AZƏRTAC xəbər verir ki, festivalın keçiriləcəyi məkanlarda hazırlıq işləri başa çatdırılıb. Səhnə tərtibatı qurulub, alət və avadanlıqlar yerləşdirilib. Yerli və əcnəbi musiqiçilər dünən Qəbələyə gələrək otellərdə yerləşiblər.

Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar iştirak edəcək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera, Dövlət Akademik Opera və Balet Teatrının simfonik, İngiltərənin Femusa kamera orkestrlərinin və digər qrupların çıxışları olacaq.

Festivalın iştirakçıları arasında respublikanın tanınmış musiqiçiləri Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski, eləcə də Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digərləri də var.

Beynəlxalq Musiqi Festivalının ilk konserti bu gün saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin Kamera Musiqi Zalında olacaq. Axşam saat 21:00-da isə mərkəzin qarşısındakı parkda quraşdırılan açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər Kamera Orkestri çıxış edəcək.

Avqustun 3-dək davam edəcək festival çərçivəsində Qəbələ, Şəki və İsmayıllıda 15-ə yaxın konsertin verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.