DÜNYA
Bu gün İsveç Kralı XVI Karl Qustavın 70 yaşı tamam olur
Stokholm, 30 aprel, AZƏRTAC
Bu gün İsveç Kralı XVI Karl Qustavın 70 yaşı tamam olur.
Monarxın şərəfinə yubiley təntənələri çərçivəsində Şimal Ölkələri Muzeyində konsert veriləcək, habelə toplardan yaylım atəşi açılacaq. İsveç vətəndaşları – Kralın təbəələri Stokholm sarayının daxili həyətinə gələrək dövlət başçısını təbrik edə bilərlər. Burada hərbi orkestrin çıxışı olacaq, qarovul dəstəsinin təntənəli dəyişməsi mərasimi keçiriləcək. Paytaxt sakinləri və qonaqlar şəhər meriyası tərəfindən verilən naharda iştirak etmək üçün İsveç Kralını və onun xanımı kraliça Silviyanı ratuşaya müşayiət edən bayram karvanını görəcəklər.
XVI Karl Qustav hökumətin, parlamentin və qubernatorların təbriklərini qəbul edəcək. Kralın ad günü sarayın Dövlət salonunda təntənəli şam yeməyi ilə başa çatacaq. Şam yeməyinə Avropanın kral saraylarının nümayəndələri toplaşacaqlar.
Kral XVI Karl Qustav 1973-cü ildə 27 yaşında taxta çıxıb. Konstitusiyalı monarxiya olan İsveçdə Kral yalnız reprezentativ funksiyalar yerinə yetirir. Kral XVI Karl Qustav vergi ödəyir. Onun seçkilərdə iştirak etmək hüququ var, hərçənd bu hüququndan heç vaxt istifadə etməyib. Ölkə parlamenti hər il kral evinin saxlanmasına xərclərin həcmi barədə qərar qəbul edir. Məsələn, ötən il həmin məbləğ 65 milyon kron (təxminən 8 milyon dollar) təşkil edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm