SİYASƏT


Bu gün Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

A+ A

Minsk, 28 oktyabr, AZƏRTAC

Bu gün, oktyabrın 28-də Belarus paytaxtında Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

Təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda MDB-nin fəaliyyətinin prioritet istiqamətləri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair 20-dən çox sənədin layihəsinin müzakirə edilməsi planlaşdırılır.

İqtisadi sahədə qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi dıqqət yetirilməsi nəzərdə tutulur. O cümlədən, Azad Ticarət Zonası haqqında Müqavilənin müddəalarının reallaşdırılmasının gedişi, 2030-cu ilə qədər olan dövrdə enerji resurslarının istehsalı və istehlakı proqnozları, mədən-metallurgiya, avtomobilqayırma sahələrində, maliyyə-iqtisadi sahədə, bitki karantini, intellektual mülkiyyət bazarının formalaşdırılması və inkişafı, informasiya cəmiyyətinin qurulması və inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Hökumət Başçıları Şurasının iclasında humanitar sahəyə aid bir sıra mühüm sənədlərin, məsələn, MDB üzvü olan dövlətlərin 2017-2018-ci illər üçün humanitar sahədə əməkdaşlığına dair Prioritet Tədbirlər Planının, 2020-ci ilə qədər olan dövrdə MDB üzvü olan dövlətlərdə müharibə veteranlarının, lokal münaqişələrin iştirakçılarının və onların ailə üzvlərinin həyat keyfiyyətinin yüksəldilməsi və onlara tibbi-sosial yardımın daha da inkişaf etdirilməsinin əsas istiqamətlərinin reallaşdırılmasına dair Tədbirlər Planının 2017-ci ildə maliyyələşdirilməsi haqqında qərarın da müzakirə edilməsi planlaşdırılır.

Hökumət başçıları təhlükəsizliyin təmin edilməsi sahəsində MDB üzvü olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizəni Əlaqələndirmə Bürosunun fəaliyyətini tənzimləyən sənədləri, “Uran hasilatı istehsalatlarının təsirinə məruz qalmış dövlətlərin ərazisinin rekultivasiyası” adlı Dövlətlərarası Məqsədli Proqramın həyata keçirilməsi, hidrometeorologiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.

Birlik üzvü olan dövlətlərin hava hücumundan müdafiəsi üzrə birləşdirilmiş sistemin yaradılması və inkişafı üçün təxsisatların istifadəsi və 2017-ci ildə bu sistemin maliyyələşdirilməsi haqqında qərarlar qəbul edilməsi də nəzərdə tutulur.

Bundan əlavə, hökumət başçıları büdcə-maliyyə məsələlərini nəzərdən keçirəcək, növbəti görüşün keçiriləcəyi tarixi və yeri müəyyən edəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.