DÜNYA
Bu gün Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günüdür
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-nun Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi qeyd edilməsi BMT Baş Məclisinin 2009-cu il dekabrın 2-də keçirilən 64-cü sessiyasında qərara alınıb. Bu gün BMT-nin, dünya dövlətlərinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının nüvə sınaqlarının dayandırılması işində səylərini fəallaşdırmağa xidmət edir. BMT Baş Məclisinin müvafiq qətnaməsinin preambulasında vurğulanır ki, nüvə sınaqlarının insanların həyatına və sağlamlığına məhvedici və zərərli təsirinin nəticələrinin qarşısını almaq üçün bu sınaqlara son qoymaq lazımdır.
Nüvə silahının yayılmaması haqqında Müqavilənin iştirakçısı olan bütün dövlətlər nüvə silahından azad dünyada təhlükəsizliyə can atmaq üçün 2010-cu ilin mayında qarşılıqlı fəaliyyət göstərmək barədə öhdəlik götürüblər və nüvə sınaqlarına qadağaları “həyat əhəmiyyətli məsələ” kimi xarakterizə ediblər. Hazırda planetimizin Cənub yarımkürəsi regional müqavilələr, o cümlədən Sakit okeanın cənub hissəsini əhatə edən Rarotonqa müqaviləsi, Afrikanı əhatə edən Pelindab müqaviləsi, Cənubi Asiyanı əhatə edən Banqkok müqaviləsi və Latın Amerikasını və Karib hövzəsini əhatə edən Tlatelolko müqaviləsi sayəsində nüvə sınaqlarından azad zonaya çevrilib.
Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü ilk dəfə 2010-cu ildə keçirilib. O vaxtdan etibarən hər il dünyanın ayrı-ayrı ölkələrində müxtəlif tədbirlər – simpoziumlar, konfranslar, sərgilər, müsabiqələr keçirilir, yazılar dərc olunur, təhsil ocaqlarında mühazirələr oxunur, informasiya verilişləri hazırlanır və digər tədbirlər görülür.