CƏMİYYƏT


Bu gün Nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət günüdür

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət günü (International Day Аgainst Nuclear Tests) 2009-cu il dekabrın 2-də BMT Baş Məclisinin 64-cü sessiyasında təsis edilib. Təhlükəsiz dünya yaradılması üçün nüvə sınaqlarının dayandırılması məsələsində BMT-nin, dünya dövlətlərinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının səylərinin fəallaşdırılması zəruridir.

BMT-nin müvafiq qətnaməsinin preambulunda deyilir: “Nüvə sınaqlarının insanların həyatı və sağlamlığı üçün məhvedici təsirlərinin qarşısını almaq üçün bu cür sınaqlara son qoyulmalıdır”.

Qətnamə “nüvə silahlarının sınaq partlayışlarının və hər hansı başqa nüvə partlayışlarının nəticələri, habelə nüvə silahlarından azad dünya yaradılması məqsədinə nail olmağın vasitələrindən biri kimi bu cür sınaqların dayandırılmasının zəruriliyi barədə” insanları daha fəal maarifləndirməyə və məlumatlandırmağa çağırır.

Çoxsaylı müəllifləri və həmmüəllifləri olan bu qətnamənin qəbul olunması təşəbbüsü ilə çıxış edən Qazaxıstan Respublikası həmin günün avqustun 29-da - 1991-ci ildə Semipalatinsk nüvə poliqonunun bağlandığı tarixdə qeyd olunmasını təklif edib.

2010-cu ilin may ayında nüvə silahlarının yayılmaması barədə müqavilənin iştirakçıları olan bütün dövlətlər nüvə silahından azad dünyada təhlükəsizliyə nail olmaq üçün qarşılıqlı fəaliyyət göstərmək öhdəliyi götürüb və nüvə sınaqlarının qadağan edilməsini “həyati əhəmiyyətli məsələ” kimi səciyyələndiriblər. Müqavilə imzalanmaq və ratifikasiya edilmək üçün 1996-cı ildə açıq elan olunub.

Müvafiq regional müqavilələrin qüvvəyə minməsi ilə əlaqədar, hazırda planetimizin bütün cənub yarımkürəsi praktiki olaraq nüvə silahından azad zonaya çevrilib. Həmin müqavilələr bunlardır: Sakin okeanın cənub hissəsini əhatə edən Rarotonqa müqaviləsi; Afrikanı əhatə edən Pelindab müqaviləsi; Cənubi Asiyanı əhatə edən Banqkok müqaviləsi, habelə Latın Amerikasını və Karib hövzəsi ölkələrini əhatə edən Tlatelolko müqaviləsi.

(Calend.ru saytının materialları əsasında).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.