İDMAN
Bu gün “Qarabağ” “Şerif” ilə səfər oyununa çıxacaq VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu bu gün səfərdə cavab oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi “Şerif Arena”da Moldovanın “Şerif” komandasının qonağı olacaq.
Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roy Reynşreyber olacaq. Baş hakimə həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.
Tiraspol şəhərində keçiriləcək “Şerif” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında ilk oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib və matçda hesab açılmayıb.
Qeyd edək ki, cavab oyununun əsas və əlavə vaxtında hesab açılmasa, qalib penaltilər seriyasında müəyyənləşəcək.
“Qarabağ” səfərdə lazımi nəticəni əldə edəcəyi təqdirdə qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olacaq. Azərbaycan çempionu, eyni zamanda, son üç mövsümdə iştirak etdiyi UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.