İDMAN
Bu gün Rusiyada 10-cu Konfederasiyalar Kuboku turniri start götürür
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də Bakı vaxtı ilə saat 19.00-da futbol üzrə Rusiya və Yeni Zelandiya milli komandalarının qarşılaşması ilə sayca 10-cu Konfederasiyalar Kuboku turnirinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, iyulun 2-dək davam edəcək çempionatda FIFA-nın tərkibinə daxil olan 6 konfederasiyanı təmsil edən 8 komanda iki qrupda mübarizə aparır. “A” qrupunda ev sahibi Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, “B” qrupunda isə Kamerun, Çili, Avstraliya və Almaniya milliləri yer alıblar.
16 gün ərzində 16 maraqlı qarşılaşma
Futbol azarkeşləri 16 gün ərzində 16 maraqlı qarşılaşma izləyəcəklər. Turnirin ilk günündə bir oyun – Rusiya və Yeni Zelandiya millilərinin qarşılaşması keçiriləcək. Qrup mərhələsinin oyunlarına iyunun 25-də yekun vurulacaq. Yarımfinal görüşləri iyunun 28-29-da, üçüncü yer uğrunda oyun və final qarşılaşması iyulun 2-də baş tutacaq.
Çempionatın görüşləri dörd şəhərdə - Moskvada, Sankt-Peterburqda, Kazanda və Soçidə keçiriləcək. Turnirin açılış mərasimi və ilk matçı Sankt-Peterburq stadionunda oynanılacaq. Final görüşü də həmin stadionda təşkil olunacaq. Həlledici qarşılaşma iyulun 2-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Konfederasiyalar Kubokunun tarixi
Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Kral Fəhd Kuboku adı altında Səudiyyə Ərəbistanında keçirilib. Səudiyyə Ərəbistanı 1995-ci ildə ikinci turnirə də ev sahibliyi edib. Bundan sonra FIFA bu turniri öz nəzdinə alaraq yeni qaydalar müəyyən edib. 2005-ci ilədək hər iki ildən bir keçirilən turnir, həmin tarixdən sonra dörd ildən bir təşkil olunmağa başlanıb.
Qaydalara görə, Konfederasiyalar Kuboku turniri dünya çempionatından bir il əvvəl mundiala ev sahibliyi edəcək ölkədə keçirilir. Bu turnir dünya çempionatına hazırlıq məqsədi daşıyır. Turnirdə iştirak edən səkkiz komandanın ikisi - dünya çempionatının sonuncu qalibi və ev sahibi olan ölkənin millisi Konfederasiyalar Kubokunda birbaşa iştirak hüququ qazanır. Digər altı komanda isə FIFA-nın konfederasiyaları - CAF, CONMEBOL, UEFA, AFC, OFC, CONCACAF üzrə çempion olan millilərdir. Əgər dünya çempionu olan komanda həm də konfederasiyalardan birinin qalibi olarsa, onda finala çıxan digər milli komanda turnirə qatılmaq şansı əldə edir.
Braziliya millisi dörd dəfə Konfederasiyalar Kubokunun qalibi olub
Konfederasiyalar Kubokunda ən çox qalib gələn komanda beşqat dünya çempionu Braziliya millisidir. Braziliyalılar 1997-ci, 2005-ci, 2009-cu və 2013-cü illərdə çempion olublar. Fransa futbolçuları isə iki dəfə - 2001-ci və 2003-cü illərdə kuboku başları üzərinə qaldırıblar.
Braziliya yığması, həm də bu turnirin tarixində ən çox qələbə qazanan komandadır (23 oyun). Bu göstərici üzrə ikinci sırada Fransa və Meksika yığmalar qərarlaşıblar - 14 qələbə.
UEFA “Konfederasiyalar Kuboku-2017”də üç komanda ilə təmsil olunur
Bu il ilk dəfə olaraq, bir konfederasiyadan üç komanda turnirə qatılıb. UEFA-nı çempionatda dünya çempionu Almaniya, Avropa çempionu Portuqaliya və ev sahibi Rusiya təmsil edir.
Builki turnirdə 30 ölkənin 118 klubunda forma geyən futbolçular mübarizə aparacaqlar. Rusiya millisinin bütün futbolçuları bu ölkənin milli çempionatında forma geyirlər. Kamerun yığmasının futbolçularının hamısı ölkədən kənarda çıxış edirlər. Çempionata ən çox futbolçu göndərən klub “Bayer Leverkusen”, “Porto”, “Spartak”, “Sportinq” və “Vellinqton Foeniks”dir (Yeni Zelandiya). Bu klubların hər biri beş futbolçu ilə təmsil olunur.