MƏDƏNİYYƏT
Bu gün “Türkvizion-2014” müsabiqəsinin qalibi bəlli olacaq
Bakı, 21 noyabr, AZƏRTAC
Türk dünyasının “Türkvizion” Beynəlxalq televiziya mahnı müsabiqəsi 2013-cü ildən keçirilir. TMB TV televiziya kanalının təşəbbüsçüsü və təsisçisi olduğu müsabiqəyə müstəqil dövlətlərin, muxtar vilayətlərin, habelə türk xalqlarının yığcam yaşadıqları yerlərin ifaçıları və kollektivləri dəvət olunur.
Bu müsabiqənin keçirilməsinin məqsəd və vəzifələri müasir türk estrada musiqisi sənətinin populyarlaşdırılması, beynəlxalq yaradıcılıq əlaqələrinin genişləndirilməsi, türk ölkələri və xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsidir.
2014-cü ildə 24 ölkədə müsabiqənin milli seçmə turları keçirilib. Noyabrın 21-də “Türkvizion-2014” müsabiqəsinin final hissəsi “Kazan 2014-cü ilin türk dünyasının mədəniyyət paytaxtıdır” rəsmi proqramına yekun vuracaqdır.
“Türkvizion-2014” müsabiqəsinin televiziya yayımı iştirakçı ölkələrin ictimai və musiqi proqramlarında həyata keçirilir. Azərbaycanda yarımfinal və final ATV televiziya kanalında yayımlanacaq. TMB TV kanalında yayım saat 20.00-da, ATV televiziya kanalında isə - saat 22.30-da başlanır.
Myvideo.az saytından istifadə edən tamaşaçıların çıxışlara “yenidən sarıma” və “pauza” funksiyalarının köməyi ilə baxmaq imkanı vardır.