İDMAN


Bu gün UEFA Avropa Liqasının yarımfinalçıları bəlli olacaq

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı futbolsevərlərin əsas diqqəti “Beşiktaş” – “Lion” matçına yönələcək. Fransada keçirilən oyunda son dəqiqələrdə qələbəni əldən verən (1:2) Şenol Günəşin yetirmələri doğma “Vodafon Arena”da “revanş” almaq niyyətindədilər. İstanbulda minimal hesablı qələbə “Beşiktaş”ın yarımfinala yüksəlməsi üçün kifayət edir. Lakin hər iki komandanın heyətində ciddi itkilər var. “Ağ-qara”ların heyətində, Rikardo Quareşma, Adriano zədəli, Marselo və Abubakar cəzalı durumdadırlar. “Lion”da isə Rafael Da Silva, Emanuel Mammana zədə üzündən oyunu buraxmalı olacaqlar.

UEFA Avropa Liqasının favoritlərindən olan “Mançester Yunayted” qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” ilə qarşılaşacaq. “Qırmızı şeytanlar” Belçikada 1:1 hesablı heç-heçə edərək cavab qarşılaşması üçün sərfəli nəticə əldə ediblər.

Belçikanın digər təmsilçisi “Genk” isə İspaniyanın “Selta Viqo” komandasını qəbul edəcək. Səfərdə 3:2 hesabı ilə məğlub olan belçikalılar evdə minimal hesablı qələbə qazanaraq adlarını yarımfinal mərhələsinə yazdırmaq üçün səy göstərəcəklər.

Hollandiyanın “Ayaks” klubu isə Almaniyada “Şalke”nin qonağı olacaq. Evdə iki cavabsız qolla (2:0) qalib gələn hollandiyalılar cavab oyununda qapılarını toxunulmaz saxlamağa çalışacaqlar.

Dörddəbir final mərhələsinin bütün görüşləri Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.