DÜNYA
Bu gün aspirinin yaranma günüdür
Bakı, 6 mart, AZƏRTAC
Bu gün aspirinin universal müalicəvi keyfiyyətləri və təbabətdə geniş yayılması onu 20-ci əsrin başlıca dərmanlarından biri adlandırmağa əsas verir. Bəs aspirindən əvvəl nə olub?
1763-cü ildə keşiş Edvard Stoun qızdırma titrətməsinin söyüd qabığı tinkturası ilə müalicəsi barədə Londonun Kral cəmiyyətində məruzə edib. 1838-ci ildə isə göstərilib ki, söyüd qabığının fəal komponenti salisil turşusudur. Bir qədər sonra İtaliya kimyaçısı Rafael Piria söyüd qabığından salisil turşusunu ayırıb, bu maddənin kimyəvi tərkibini müəyyən edərək onu müvəffəqiyyətlə sintez edib. Alınan maddəyə salisil turşusu adı verilib. Lakin o zaman salisil turşusu dərman kimi praktiki tətbiqini tapa bilməyib. Yalnız 15 ildən sonra salisil turşusunun natrium duzu işlədilməyə başlanıb.
Salisil turşusunun daha təsirli müalicəvi xassələrə malik olan başqa növlərini əldə etmək üçün “Bayer” şirkətinin əməkdaşı Feliks Hoffman asetilsalisil turşusu istehsalı texnologiyasını işləyib hazırlayıb.
Patent 1899-cu il martın 6-da verilib. Məhsul “aspirin” adlandırılıb. Bu ad iki hissədən ibarətdir: “a” –“asetil” sözündən, “spir” isə salisil turşusunun ilk dəfə kimyəvi yolla əldə edildiyi topulqa bitkisinin latınca adından – “Spiraea” sözündən yaradılıb.