İQTİSADİYYAT
Bu gün dairəvi dəmir yolunda 1250 metr dəmir yolunun qoyuluşu həyata keçirilir
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin–Pirşağı–Sumqayıt istiqamətində 29.2 kilometr uzunluğunda dairəvi dəmir yolu təmir olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu gün Nərimanov-Böyükşor mənzilində daha 1250 metr yolun qoyuluşuna başlanılıb. Bu proses iki gün davam edəcək.
Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.
Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilib. Əvvəlcə Nərimanov–Böyükşor mənzilində 2.2 kilometr uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanılıb. Artıq 1800 metr uzunluğunda yol qoyulub.
Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzilbaşına rahat və təhlükəsiz şəraitdə çatacaq.