CƏMİYYƏT
Bu gün dünyada Beynəlxalq Allergiya Günü qeyd olunur
Bakı, 30 may, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il dünyada may ayının 30-u Beynəlxalq Allergiya Günü kimi qeyd olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Allerqoloqlar, İmmunoloqlar və İmmunoreabitoloqlar Assosiasiyasının Azərbaycan bölməsi də bu günü hər il elmi-praktiki konfrans şəklində qeyd edir.
Ölkəmizdə son illərdə bu sahədə bir sıra uğurlar əldə olunub. Hazırda Azərbaycan Tibb Universitetində (ATU) fəaliyyət göstərən “Allerqologiya və klinik immunologiya” kursunda tələbələrə bu sahənin ən aktual problemləri tədris olunur. Bundan əlavə, hər dörd ildən bir Azərbaycan allerqoloqlarının beynəlxalq konqresi keçirilir. Azərbaycan allerqoloqlarının bir qismi “Avropa allerqoloqlar və immunoloqlar”, “Avropa respiratorlar” və “Amerika torakal” cəmiyyətlərinin üzvüdür. Hər il bu cəmiyyətlərin Avropa ölkələrində, ABŞ-da keçirilən beynəlxalq konqreslərində Azərbaycandan onlarla professor və həkim iştirak edir. Avropa Respiratorlar Cəmiyyətinin növbəti konqresi bu ilin sentyabr ayında keçiriləcək. Tanınmış allerqoloqlarımız hazırda bu tədbirə hazırlaşır.
Azərbaycanda bu sahə üzrə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir. Bir çox klinikalarda allerqoloji kabinetlər mövcuddur. Eyni zamanda, ATU-nun Tədris Terapevtik Klinikasında allerqoloji-pulmonoloji şöbələr təşkil olunub və burada yüksək ixtisaslı həkimlər tərəfindən əhaliyə xidmət göstərilir.
Hazırda ölkəmizdə rezidentura yolu ilə allerqoloq-həkimlər hazırlanır və onlar Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin mütəxəssisləri ilə sıx şəkildə fəaliyyət göstərirlər.