İDMAN
Bu gün futbol üzrə Azərbaycan və Şotlandiya çempionları qarşılaşacaq
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-də futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən Ağdamın “Qarabağ” komandası növbəti oyununa çıxacaq. Komandamız Bakıda Şotlandiyanın “Seltik” klubunu qəbul edəcək. Bakı vaxtı ilə saat 21:30-da başlayacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək.
Oyunu isveçli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Martin Stromberqsson olacaq. Köməkçi hakim funksiyasını isə onun həmyerliləri Daniel Qustavsson, Stefan Hallberq və Yohan Hamlin yerinə yetirəcəklər. Matçın UEFA nümayəndəsi finlandiyalı Peter Lundstrom, hakim-inspektoru isə Lüksemburqdan Alan Hamer olacaq.
Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu “Qarabağ” həmin mərhələdə Monteneqronun “Rudar” komandasını yarışdan kənarlaşdırıb.