MƏDƏNİYYƏT
Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin 80 yaşı tamam olur
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Azərbaycanın Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli bəstəkar, professor Xəyyam Mirzəzadənin 80 yaşı tamam olub.
AZƏRTAC xəbər verir ki, bu günlərdə görkəmli bəstəkar ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, X.Mirzəzadə 1935-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-1983-cü illərdə konservatoriyanın bəstəkarlıq kafedrasının müdiri olub. 49 il həmin kafedrada pedaqoji fəaliyyət göstərib. Bu müddət ərzində neçə nəsil bəstəkarların yetişməsinə böyük əmək sərf edib. Onun tələbələri həm respublikamızda, həm də dünyanın müxtəlif ölkələrində öz fəaliyyətlərini davam etdirirlər. Xəyyam Mirzəzadə çoxşaxəli yaradıcılıq diapazonuna malikdir. bəstəkarın musiqi dili zəngin və özünəməxsusdur. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur.
Görkəmli bəstəkar bu gün də öz yaradıcılıq axtarışlarını uğurla davam etdirir.