ELM VƏ TƏHSİL
Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu mərhələsi başlayıb
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 21-də ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, avqustun 25-dək davam edəcək müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.