CƏMİYYƏT
Bu gün ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, son illərdə gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurlardan danışıblar. Gənclərin ölkənin ictimai-siyasi həyatında həmişə fəal iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar. Ulu Öndərin gənclərin imkan və bacarıqlarını hər zaman yüksək qiymətləndirdiyi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyi vurğulanıb. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Gənclər Günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük diqqət və qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.
Qeyd edilib ki, bu gün ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu diqqətin nəticəsidir. Prezidentin gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Tədbirdə il boyu müxtəlif sahələr üzrə fərqlənən gənclərə hədiyyələr təqdim edilib.