MƏDƏNİYYƏT
Bu gün teatrlarımız intibah dövrünü yaşayır VİDEO
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə birinci Beynəlxalq teatr festivalının açılış mərasimində bildirib.
Beynəlxalq teatr aləmində Azərbaycan teatrının mövqeyinin getdikcə möhkəmləndiyini, mübadilələrin genişləndiyini vurğulayan nazir, son illər Azərbaycan teatrlarının 20-dən artıq ölkədə qastrolda olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, sevindirici hal ondan ibarətdir ki, beynəlxalq səviyyədə tanınan teatr simaları da artıq Azərbaycana gəlirlər.
Ə.Qarayev daha sonra deyib: “Beynəlxalq teatr festivalının məhz yeni mövsümün əvvəlində başlanması bizim ilk təcrübəmizdir. İlk dəfə regionda yerləşən teatrda beynəlxalq teatr festivalı keçirilir. Düzdür, festivalda hələlik cəmi 3 ölkə iştirak edir. Ancaq biz düşünürük ki, bu ölkələrin sayı ildən-ilə artacaq və Şəkidə keçirilən bu festival teatr aləmində özünəməxsus yer tutacaq”.
Teatrlarımızın bu gün intibah dövrünü yaşadığını vurğulayan nazir daha sonra deyib: “Düşünürəm ki, bu intibah teatr üçün lazımdır. Çünki teatr daim yeniləşən, axtarışda olan cəmiyyətin aynasıdır. Əgər teatr axtarışdadırsa, yenilikləri tətbiq edirsə, o cəmiyyəti qabağa aparır. Bu isə o deməkdir ki, cəmiyyət sağlamdır, vətəndaşlar, insanlar həmişə yeniliklərə, yeni meyarlara üz tuturlar və öz ölkələrinin inkişafını təmin edirlər”.