CƏMİYYƏT


Bu gün tibb işçilərinin peşə bayramıdır

Bakı, 17 iyun, Süleyman Qaradağlı, AZƏRTAC

Məşhur loğman İbn Sina haqqında rəvayətlərdən birində deyilir ki, gələcəyin dahi alimi dil açanda başqa körpələr kimi "ata", "ana", "baba"," nənə" yox, "çera" söyləyib-"niyə?" Ömrü uzunu da "niyə?" deyə-deyə qalıb. Suallar verə-verə, qoyduğu suallara cavablar axtara-axtara ən nadir zəkalardan biri olmaq zirvəsinə yüksəlib.

Dahi loğmanın Azərbaycandakı xələfləri "çera" deməsələr də, "çarə" deyə-deyə onlara üz tutan xəstələrin dərdinə, mübtəla olduqları xəstəliklərə əlac etməyə çalışıblar. Həyatla ölüm, sağlamlıqla xəstəlik arasında gedən mübarizədə həmişə dünyadan vaxtsız gedən, qəfil əcəlin aparmaq istədiyi insanların yolu üstündə dayanaraq onları işıqlı həyata qaytarıblar. Əlbəttə, bu olduqca şərəfli və müqəddəs bir işdir.

AZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdə onların – tibb işçilərinin peşə bayramıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Biz canımızı nə qədər çox sevsək də, ən çətin və ümidsiz vəziyyətlərdə onlara pənah aparır və etibar edirik. Ağxalatlı peşə sahibləri gecə-gündüz xəstənin çarpayısından ayaq çəkmədən bilik, bacarıq, zəhmət və təcrübələri hesabına onu həyata qaytarırlar. Onlar ən ümidsiz və şəfasız vaxtlarda belə xəstənin özünə inamını və hər şeyin həkimdən çox onun özündən asılı olduğuna təlqin etmək üçün məşhur “Çarəsizsiniz. Çarə sizsiniz” ifadəsini işlədirlər.

Xəstələr isə həmişə çarəni onların əlində axtarırlar. Hippokrat andı içən şərəfli peşə sahibləri, fədakar tibb işçiləri ən ağır və çıxılmaz vəziyyətlərdə də ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Onların həmişə bir şüarı və mübarizəsi olub: ”Təki xəstə yaşasın! Təki xəstə həyata qayıtsın!”

Müqəddəs peşə sahiblərini sevdirən də elə budur. Ona görə də peşə bayramları günü məşhur ifadəni onlara ünvanlayaraq demək olar: bütün çarəsizliklərə də çarə elə sizsiniz!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.