İQTİSADİYYAT


Bu gündən Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron yarımadasında açıq paketli rəqəmli televiziya yayımına keçilib VİDEO

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin diqqətinə çatdırır ki, oktyabrın 31-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbuletmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Noyabrın 1-dən etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları poçt şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Xatırladaq ki, respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari il dekabrın 1-dən keçiləcək və analoq yayım dayandırılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”inə zəng etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.