REGİONLAR
Bu günədək ölkə ərazisində 120 min hektar sahədə çiyid səpilib
Bərdədə pambıqçılığın inkişafı ilə bağlı bölgə müşavirəsi keçirilib
Bərdə, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Mayın 11-də Bərdədə “Pambıq əkinlərində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda keçirilən bölgə müşavirəsində Prezident İlham Əliyev tərəfindən pambıqçılığın inkişafı ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan konkret vəzifələrdən danışılıb.
AZƏRTAC xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul işçiləri, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin alim və mütəxəssisləri, Bərdə, Tərtər, Goranboy, Samux, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Ağdaş və Zərdab rayonlarının icra hakimiyyəti orqanlarının, habelə pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak ediblər.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov rayonda pambıq əkininin gedişi barədə məlumat verib. Bildirib ki, rayon sakinlərinin pambıqçılıq sahəsində peşəkarlığı, mövcud pambıq emalı zavodlarının potensialı bu sahənin inkişafına imkan yaradır. Odur ki, bu il rayonda 8518 hektar sahədə pambıq səpini aparılıb. Hazırda becərmə işləri uğurla davam etdirilir.
Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov müşavirədə çıxış edərək, ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə pambığın alış qiyməti artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Toxum, kənd təsərrüfatı texnikaları və avadanlıqları əlavə dəyər vergisindən azad edilib. Pambıqçılıqla məşğul olan fermerlərə texnikalar aqrolizinq vasitəsilə güzəştli şərtlərlə verilir. Pambığın hər tonuna görə 100 manat subsidiya verilməsi isə pambıqçılığın inkişafına ən böyük töhfədir.
Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırığına əsasən bu il 136 min hektarda pambıq becərilməsi nəzərdə tutulub. Artıq 120 min hektarda çiyid səpini həyata keçirilib. Bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pambıqçılıqda istifadə etmək üçün dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan 5661 ədəd müasir texnika və avadanlığın respublikaya gətirilməsinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor müavini Həsənəli Aslanov intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yeni sortların üstünlükləri, pambıqçılıqda istifadə edilən müasir texnikalar barədə fermerlərə ətraflı məlumat verib, pambıqçılığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Müşavirənin sonunda pambıq əkinlərində aqrotexniki qaydalara uyğun olaraq herbisidlərin tətbiqi və düzgün kultivasiya aparılması qaydaları nümayiş etdirilib.