İQTİSADİYYAT
Bu il 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur
Bakı, 25 iyul, AZƏRTAC
Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin birinci yarımili ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında məlumat verilib.
Qeyd edilib ki, bu dövrdə verilmiş güzəştli kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı qəsəbələrinin payına düşür. İndiyədək isə 33,5 mindən çox sahibkarın ümumi investisiya dəyəri 4 milyard manatdan çox olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatdan çox güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.