CƏMİYYƏT


Bu il 223 Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin edilib

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir olunmuş 53 mənzili, 30-a yaxın rayonda 116 fərdi yaşayış evini istifadəyə verməklə, 223 Qarabağ müharibəsi əlilini və şəhid ailəsini müasir tələblərə uyğun yeni mənzillərlə təmin edib.

Bu barədə AZƏRTAC-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, ümumilikdə indiyədək nazirlik tərəfindən 5 min 455 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub. Onlardan təqribən 5 mini məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün respublikamızın müxtəlif bölgələrində mənzil tikintisi işləri uğurla davam etdirilir.

Eyni zamanda, 2014-2015-ci illərdə nazirlik tərəfindən 1933 nəfər Qarabağ müharibəsi əlili, habelə müharibə əlilinə bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin olunub ki, bu da indiyədək avtomobil təqdim edilən şəxslərin (5 min 750 nəfər) 33,6 faizini təşkil edir. Beləliklə, 2014-cü ilədək növbədə olanların avtomobillə tam təminatı həyata keçirilib, hətta 2014-cü il ərzində növbəyə dayananların bir qismi də avtomobillə təmin olunub.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə dövlət qayğısı həmin insanların sosial ödənişlərlə təminatında və bu ödənişlərin mütəmadi olaraq artırılmasında da aydın şəkildə təsdiqini tapır. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə Qarabağ müharibəsi əlilləri 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilirlər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 yanvar tarixli Fərmanı ilə həmin şəxslərə verilən Prezidentin aylıq təqaüdünün məbləği artırılıb.

Beləliklə, Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdünün məbləği bu təqaüdün təsis edildiyi 2008-ci ildən bəri orta hesabla iki dəfədən də çox artırılıb. Bu təqaüdlə yanaşı, hazırda Qarabağ müharibəsi əlillərinin böyük əksəriyyəti əmək pensiyası, digərləri isə aylıq sosial müavinətlə təmin olunurlar. Eyni zamanda, dövlət başçısının digər bir Fərmanı ilə şəhid ailələrinin də hələ 2007-ci ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb. Ümumilikdə ötən müddətdə şəhid ailələrinə ödənilən Prezident təqaüdünün məbləği 2,2 dəfə artırılaraq 220 manata çatdırılıb. İyulun 1-dək nazirliyin xətti ilə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 26,2 min nəfərdən çoxunu Qarabağ müharibəsi əlilləri və şəhid ailələri təşkil edib.

Bundan başqa, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir. İyulun 1-nə olan məlumata əsasən, nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələrinin uşaqlarından ibarət 17,9 min nəfərə yaxın uşağa, əmək pensiyası almaq hüququ olmayan 1,8 min nəfərə yaxın şəhid ailəsi üzvünə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.