ELM VƏ TƏHSİL
Bu il 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
İstedadlı şagirdlərin aşkar olunmasında və onların potensialının inkişaf etdirilməsində fənn olimpiadaları və bilik yarışları müstəsna rol oynayır. Bu il rekord sayda - 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb. Qaliblər arasından ölkəmizi təmsil edəcək komandalar formalaşıb, onlar üçün təlimlər təşkil olunub. Bunun nəticəsində məktəblilərimiz bu il dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir qeyd edib ki, artıq paytaxtımız beynəlxalq bilik yarışlarına da ev sahibliyi edir. Bu il dünyanın 80 ölkəsindən 300 məktəblinin iştirak etdiyi 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakı şəhərində keçirilib. 2019-cu ildə Bakı Beynəlxalq İnformatika Olimpiadasını qəbul edəcək.