REGİONLAR
Bu il 27 rayonda 120 min hektar sahədə pambıq əkini nəzərdə tutulur
Sabirabad, 26 yanvar, Adil Ağayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın inkişafı istiqamətində ötən ildən etibarən kompleks tədbirlər görülür. Dövlətimizin başçısı pambıqçılıq sahəsinin potensialından maksimum səmərəli istifadə olunması hesabına həm kənd yerlərində əhalinin məşğulluğunun və gəlir əldə etmək imkanlarının təmin edilməsini, həm də ölkənin ixrac potensialının gücləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyub. Bu vəzifənin reallaşdırılması üçün aqrar sektora dövlət dəstəyi də göstərilir.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 26-da Sabirabadda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Pambıq əkiləcək sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda keçirilən respublika müşavirəsində danışılıb.
Tədbirdə nazirliyin müvafiq struktur rəhbərləri, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də 300-dən çox pambıqçı fermer və sahibkar iştirak edib.
Müşavirəni Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq, rayonun kənd təsərrüfatı, o cümlədən pambıq istehsalı sayəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilən nailiyyətlər və problemlər barədə məlumat verib.
“Azərbaycanda pambıqçılığın inkişafı: hədəflər və perspektivlər” mövzusunda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu sahənin dirçəldilməsi ilə bağlı ötən il mühüm addımlar atıldığını bildirib. Vurğulayıb ki, 2015-ci ildə cəmi 18,6 min hektarda pambıq əkilmiş, 35 min ton məhsul istehsal edilmişdisə, 2016-cı ildə əkin sahələri 52 min hektara çatdırılıb, 90 min tona yaxın məhsul yığılıb. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev əldə edilən uğurlardan bəhs edərək deyib: “Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Biz pambıqçılığın şöhrətini qaytarırıq”.
Nazir müavini bu il də pambıqçılıqla əlaqədar mühüm işlərin görüləcəyini qeyd edib. O, pambıqçılığın inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, cari mövsümdə 27 rayonda 120 min hektar sahədə pambıq əkini nəzərdə tutulur.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıq əkinləri üçün ayrılmış torpaq sahələrində dondurma şumu və arat suvarmanın aqrotexniki əhəmiyyəti”, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Nizami Seyidəliyev “Pambıq əkinində aqrotexniki əməliyyatların düzgün təşkili” mövzularında geniş bilgilər veriblər.
Sonra pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yeni sortların üstünlükləri barədə fermerlərə ətraflı məlumatlar verilib.
Pambıq əkinləri üçün dondurma şumu və aratın aparılması tarla şəraitində fermerlərə nümayiş etdirilib.