REGİONLAR
Bu il 84,5 min ton pambıq tədarük olunub
Bakı, 24 dekabr, AZƏRTAC
2004-2015-ci illərdə kənd təsərrüfatı istehsalçılarına 934,9 milyon manat subsidiya verilib, kənd təsərrüfatına verilmiş güzəştli kreditin həcmi 1,35 milyard manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Dövlət başçısı tərəfindən ənənəvi sahələrin, o cümlədən pambıqçılığın, ipəkçiliyin və tütünçülüyün inkişaf etdirilməsi istiqamətində verilmiş tapşırıqlara uyğun olaraq 2016-cı ildə 50 min hektardan artıq sahədə pambıq əkini həyata keçirilib, 84,5 min ton pambıq tədarük olunub. Bu, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4 dəfə çoxdur. Bu sahənin dirçəldilməsi büdcəyə əlavə vəsaitlər qazandırmaqla yanaşı, yeni iş yerlərinin yaradılması deməkdir.
Aqrar sahədə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkənin 20 rayonunda 120 min hektaradək ərazidə əlavə 27 aqroparkın yaradılmasının təşviq olunmasıdır. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur. Yeni yaradılmış təsərrüfatlarda müasir aqrotexniki xidmətlər tətbiq olunmaqla yüksək məhsuldarlıq əldə olunur ki, bu, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə davam etdirilən tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.