İQTİSADİYYAT
Bu il 84 layihəyə investisiya təşviqi, 56 layihəyə 212 təsdiqedici sənəd verilib
Bakı, 24 dekabr, AZƏRTAC
2016-cı ilin may ayından indiyədək 84 layihəyə investisiya təşviqi, 56 layihəyə isə 212 təsdiqedici sənəd verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
"Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılacaq və 7 minə yaxın iş yeri açılacaq. Bu sənədlər sahibkarlara 8 milyon ABŞ dollarından çox güzəşt əldə etmək imkanı yaradır", - deyə nazir qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 18 yanvar tarixli "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ölkəyə daha çox xarici sərmayələrin cəlb edilməsi, sənaye istehsalının artırılması kimi mühüm məqsədləri özündə ehtiva edir. Bu fərman əsasında sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənəd verilir. Bu sənədləri alan sahibkarlar Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq imkanı əldə edir, mənfəət və gəlir vergisinin 50 faizini, əmlak və torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisi və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar.