ELM VƏ TƏHSİL
Bu il AMEA tərəfindən təşkil olunacaq sərgilərə hazırlıq işləri müzakirə edilib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən cari ildə təşkil olunacaq sərgilərə hazırlıq işləri ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda akademiyanın daimi fəaliyyət göstərən “Elmi nailiyyətlər sərgisi”, Bakı Ekspo Mərkəzində “XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi” (Caspian Oil & Gas) və AMEA-nın 70 illik yubileyinə həsr olunan sərgi haqqında ümumi məlumat verilib.
İclasda sərgidə iştirak edəcək institut və təşkilatların hansı məhsulları nümayiş etdirməsi, vəzifələrin bölüşdürülməsi və ümumi hazırlıq vəziyyəti müzakirə olunub.
Sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva qrup üzvlərini “XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi” üzrə Bakı Ekspo Mərkəzində akademiyanın müəssisələri üçün eksponatların düzülüşü və ictimaiyyətə təqdim olunması nəzərə alınmaqla ayrılmış məkanın sxemi ilə tanış edib.
Görüşdə AMEA-nın elmi müəssisələrində son illər əldə olunmuş fundamental və tətbiqi elmi tədqiqat işləri, eləcə də institutlar tərəfindən neft sərgisində təqdim olunacaq neft sənayesinə aid videoçarxlar, buklet, üç dildə broşür, daha qabaqcıl və müasir tələblərə cavab verən ixtira, avadanlıq və qurğuların sərgidə nümayişinin alimlərimizin elmi nailiyyətlərini geniş ictimaiyyətə çatdırmağa xidmət etdiyi vurğulanıb.
Neft və qaz sərgisinin beynəlxalq əhəmiyyətindən danışan N.Quliyeva sərgi çərçivəsində təşkil ediləcək konfransda neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində tədqiqat aparan alimlərin çıxışlarının da nəzərdə tutulduğunu bildirib.