REGİONLAR
Bu il Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi qeyd olunacaq
Bakı, 29 may, AZƏRTAC
Bu il Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi yubiley münasibətilə Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət Məktəbini fəxri fərmanla təltif edib, məktəbin bir qrup işçisini isə mükafatlandırıb.
Qeyd edək ki, məktəb 1965-ci ildə uşaq musiqi məktəbi kimi açılıb, 1986-cı ildən Ü.Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbinə çevrilib. İki ixtisas üzrə 50 şagird və 12 müəllim kontingenti ilə fəaliyyətə başlamış məktəbdə hazırda 8 ixtisas üzrə (fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 450-dən çox şagird təhsil alır, 150-yə yaxın müəllim çalışır. Bu illər ərzində məktəb uşaq və yeniyetmələrin incəsənətə cəlb olunmasında, onların estetik zövqünün formalaşmasında, gənc istedadların üzə çıxarılmasında əhəmiyyətli işlər görüb.