REGİONLAR
Bu il Astaranın çəltik sahələrindən 700 tona yaxın məhsul yığılması gözlənilir
Astara, 3 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda çəltikçiliklə məşğul olan fermerlər bu il sahələrdə bol məhsul yetişdiriblər.
AZƏRTAC xəbər verir ki, əkilmiş çəltik sahələrinə düzgün aqrotexniki qulluq və havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib.
Keçən il rayonun çəltik sahələrinin hər hektarından 39 sentner məhsul götürülmüşdüsə, cari ildə bu rəqəm 50 sentner təşkil edir.
Ötən il 65 hektar sahədə çəltik əkini aparan məhsul istehsalçıları bu il sahələri iki dəfə genişləndirərək 132 hektara çatdırıblar.
Çəltikçilikdə mühüm əhəmiyyət kəsb edən suvarma işi yaxşı təşkil olunduğundan kanallarda sahələrin suvarılması üçün də kifayət qədər su toplanıb. Biçinə hazırlıq dövrü olduğu üçün sahələrə suyun verilməsi dayandırılıb.
Avqustun birinci ongünlüyündən rayonun çəltik sahələrində məhsul yığımına başlanılacaq.
Cari əkin mövsümündə çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərindəki təsərrüfatları əhatə edib.
Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Həsəni” kimi ənənəvi toxum növlərinə üstünlük veriblər. Dövlət tərəfindən çəltik əkininə görə məhsul istehsalçılarına subsidiyaların verilməsi fermerlərin bu sahənin inkişafına marağını daha da artırıb.
Məhsul istehsalçıları çəltikçiliyin inkişaf etdirilməsində müəyyən çətinliklərlə üzləşdiklərini bildirsələr də, onun səmərəli və gəlirli olduğunu da vurğulayırlar.
Qeyd edək ki, ötən il Astara rayonunda 254 ton düyü istehsal olunub. Cari ildə bu rəqəmin 700 tona çatdırılması nəzərdə tutulub.